38 ildir ki, doğma Təbrizindən ayrı düşən, hazırda Türkiyənin paytaxtı Ankara şəhərində yaşayan məşhur güneyli müğənni Cavid Təbrizli "Azerbaijan Post" qəzetinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
"- Neçə ildir ki, Türkiyədə fəaliyyət göstərirsiniz? Və niyə seçim məhz Türkiyə oldu?
-İlk öncə "Azerbaijan Post" qəzetinin əməkdaşlarına, həmçinin oxucularınıza Türkiyədən böyük sevgi və sayğımı göndərirəm.
Mən 38 ildən çoxdur ki, Türkiyədə yaşayıram. Məhz niyə seçimim Türkiyə olub, təbii ki, bunun da səbəbi var.
Qeyd edim ki, vaxtilə Təbrizdə 8 il "Təbriz radiosu"nda çalışmışam. "Ayrılıq", "Sizə salam gətirmişəm" kimi məşhur mahnılarının müəlifi ustad Əli Səlimi ilə uzun illər birgə işləmişəm.
Lakin İran İslam Cümhuriyyəti yarandıqdan sonra vəziyyət dəyişdi. HƏMAS radiodakə ansamblımıza İran İslam İnqilabı üçün mahnılar, marşlar oxutdurmaq istədilər. Bu isə mənim ruhuma qətiyyən uyğun deyildi. Bu səbəbdən başqa ölkədə yaşamaq qərarına gəldim. Həmin vaxtlar Azərbaycan sovet hakimiyyəti altında olduğu üçün, Təbrizdən ora getmək çətin görünürdü, demək olar ki, qeyri-mümkün idi. Çox sənət adamları Amerikaya, Kanadaya, Avropaya getdi. Mənim seçimim isə Türkiyə oldu. Çünki Türkiyə bizim qardaş ölkədir, adət-ənənələrimiz bir-birinə çox yaxındır. Bu ölkə bizi hər zaman bağrına basıb. Beləliklə, Türkiyəyə gəlib, burada yaşayıb, çalışmağa, istədiyim kimi musiqi fəaliyyətlərimi, öz yaşayış tərzimi davam etdirməyə başladım.
-Sizi Azərbaycanda nə qədər tanıyırlar? Bakıdan dəvətlər alırsınızmı?
-Azərbaycanda məni tanıyan da, tanımayan da var. Tanıyanlar Azərbaycan musiqisini ürəkdən, könüldən sevən, gerçək musiqimizin həqiqətən dəyərini bilən insanlardır. Və onlar məni yalnız sənətimə görə tanıyır, heç bir zaman sənətimdən kənar məsələlərlə gündəmə gəlməmişəm.
Əlbəttə, Bakıdan hər zaman dəvətlər alıram. Hətta bu yaxınlarda Bakıdan konsert dəvəti gəlmişdi. Ümid edirəm ki, bu dəvət alınar və Bakıda da konsert verərəm.
Bakıya gəlişlərimin sayı-hesabı yoxdur. Hətta bir aralar ARB-də yayımlanan "Məhəbbətə məğlub" adlı seriala çəkilmişəm.
Həmçinin dəfələrlə Bakıya toy məclisləri ilə bağlı gəlmişəm. Yəni, Bakı mənim Təbrizimdir. Bakı və Təbrizi bir-birindən seçmirəm. Azərbaycan xalqı da məni öz həmyerlisi olaraq görür.
-Son vaxtlar çox sayda Güney Azərbaycandan olan müğənnilər, sənətçilər Bakıda konsertlər verir və yaxud konsertlərdə, Şuşada keçirilən beynəlxalq musiqi festivallarında iştirak edirlər. Bəs siz necə, Azərbaycanda konsert proqramı ilə çıxış etməyi arzulayır və ya planlaşdırırsınızmı?
-Bəli, bilirəm. Güney Azərbaycandan Bakıya gedib, televiziya proqramlarında iştirak edən həmyerlilərimi görürəm. Məni də dəfələrlə televiziya verilişlərinə dəvət ediblər, sadəcə şou-biznes məsələlərinə qarışmaq istəmədiyimdən bu dəvətləri qəbul etmirəm. Çünki bundan əvvəl də qeyd etdiyim kimi, mənim işim yalnız Azərbaycan musiqisidir. Bəzən görürük ki, hind və ya fars musiqisinə Azərbaycan dilində sözlər, şeir yazıb, ifa edirlər. Bunları qəbul etmir və öz doğrularımla, tək hərəkət etməyi daha düzgün hesab edirəm. Yəni, hər kəsə bənzəmək mənə görə deyil. İstər Güney, istərsə də Quzey Azərbaycanda təkcə 10-12 nəfər müğənni fəqət özünü İbrahim Tatlısəsə bınzədir, onun ifalarını təqlid edir. Mən isə özüm olmağa çalışıram və sənətə baxışım bu cürdür.
-Cavid Təbrizli adı gələndə ilk olaraq "Təbriz" mahnısı göz önünə gəlir. Sonuncu dəfə Təbrizdə nə zaman olmusuz? Bu illər ərzində Təbrizi ziyarət edə bilmisinizmi?
-Bəli, Təbriz adı mənim üçün o qədər müqəddəsdir ki, soyadımı Təbrizli etmişəm. Hətta Türkiyə pasportumda adım Cavid Təbrizli yazılıb. Təbriz mənim üçün hər şeydir - havadır, sudur, çörəkdir. Nəfəsimi Təbrizlə alıb-verirəm. Təbrizi 38 il əvvəl görmüşəm. Ondan sonra dünyanın hər yerinə getmişəm, hər tərəfi, o cümlədən Amerikanı, Kanadanı, Avropanı gəzmişəm, amma təssüf ki, Təbrizə gedə bilməmişəm. "Təbriz" mahnısına görə rəhmətlik Cənnət Əliyevə və Hökumə Billuri xanıma minnətdaram. Bu mahnını gecə saat 2-də, studiyada göz yaşları içərisində oxumuşdum. Yəni, Təbriz mənim üçün çox müqəddəsdir. O mənim Kəbəmdir, qibləmdir, hər şeyimdir. Təbriz deyəndə mənim üçün axar sular dayanar...
-İranda hələ də Azərbaycan musiqisinə, sənətinə, eləcə də sənətçilərinə basqılar varmı?
-İranda bütün millətlərin musiqisi qadağandır. Eləcə də fars musiqisi də basqı altındadır. Lakin Azərbaycan musiqisinə daha çox basqı var. Təkcə musiqisinə qarşı deyil, ədəbiyyatına qarşı da təzyiqlər var və istəmirlər ki, bu ədəbiyyat tanınsın. Çünki bilirlər ki, əks halda öz ədəbiyyatı, musiqisi Azərbaycan musiqisi, ədəbiyyatının kölgəsində qalacaq.
Bəli, bəzi sənətçilər var ki, rejimi mədh edib, onun üçün musiqi, şeirlər yazır, onlara icazə var. Amma bizə heç bir zaman icazə vermədilər. Şahın zamanında da bu siyasət yürüdürdülər, İran İslam İnqilabı qurulduqdan sonra da bu siyasət davam etdi, dəyişmədi. Azərbaycan orada yad övlad kimidir.
-Bu günlərdə "mən türkəm və türklüyümlə fəxr edirəm" deyən Məsud Pezkian İran prezidenti seçildi. Necə düşünürsüz, bu seçim nələri dəyişə bilər?
-Məsud Pezeşkianın prezident seçilməsi bütün azərbaycanlılar kimi məni də sevindirdi. Lakin könül istər ki, bu sevinc sonra da davam etsin, yaxşılığa doğru baş verəcək dəyişikliklər, azadlıqlar, millətimizin əlindən alınmış haqlarının yenidən qayıtması bizə daha böyük sevinclər bəxş etsin. Yəni, özünü bir azərbaycanlı kimi aparsın, öz millətinə xidmət etsin. Əlbəttə, İranda yaşayan digər millətlər də var, onların hamısının haqqını versin və görsünlər ki, bir Azərbaycan türkü idarəçi olanda necə ədalətli, haqq-hüquq tanıyar, bunu İrana və bütün dünyaya sübut etsin. Bu zaman sevincimiz həqiqətən yerində olar.
Lakin Pezeşkian sistemdən gələn biridir və bu sistem ona nə qədər icazə verəcək ki, o, istədiklərini etsin, bütün bunları zaman göstərəcək.
-Türkiyədə Azərbaycan musiqisinə, sənətinə xüsusi rəğbət var. Xüsusən də son vaxtlar Azərbaycan klassik musiqilərinin, xalq mahnılarının seriallarda, filmlərdə gündəmə gəldiyinin şahidi oluruq.
Sizcə, Azərbaycan musiqisinin özəlliyi nədədir? Siz özünüz repertuarınızda daha çox hansı üslübda musiqilərə üstünlük verirsiniz?
Ümumiyyətlə, Azərbaycan musiqisinin son vəziyyəti sizi qane edirmi?
-Musiqimizin son vəziyyətində məni qane edən tərəf onun hər zaman güclü olmasıdır. Bu - muğamlarımız, böyük klassik bəstəkarlarımızın simfonik əsərləri, operaları, mahnılarıdır. Bu cür əsərlər hər zaman var olub və olacaq da.
Hind və ya fars musiqisinə Azərbaycan dilində söz yazıb, ifa esilən musiqilər isə heç bir sənət dəyəri olmayan musiqilərdir. Bu zatən hər ölkədə, o cümlədən Türkiyədə də var. Uzağı 3-4 il yaşayır, daha sonra millət görürür ki, içi boş musiqidir, onu kənara atır. Lakin klassik, simfonik əsərlərimiz, operalarımız həmişə var olub və olacaq da.
-2020-ci ildə Azərbaycan 44 günlük savaşda böyük zəfər qazandı, yenidən Şuşaya, Xankəndinə qovuşdu. Bu zəfərlə bağlı mahnılarınız, ifalarınız varmı?
-2020-ci ildə 44 günlük müharibənin nəticəsində zəfər əldə etdik. Həmin zəfərin səhəri gün Türkiyə dövlət kanalı olan TRT-də "Qarabağda bayram var" adı altında, Qarabağ müharibəsində iştirak edən şanlı Azərbaycan ordusunun görüntüləri ilə 2 saatlıq canlı yayım proqramı təşkil etdik. Proqram zamanı bütün Qarabağ, Şuşa mahnılarını ifa etdik".
Xalidə Gəray
"Azerbaijan Post"